24 июн. 2011 г.

İşverən



bu yazı onu özünə götürənlərə ithaf olunur

Gənclərin işsizlik problemi həll olunmaq üzrədir: Cabbar Savalanlıya 2 il yarım, Bəxtiyar Hacıyevə 2 il müddətinə iş verilib. Tural Abbaslı və başqa gənclər 3 il müddətinə işlə təmin olunmaq üçün 3 aya yaxındır ki, Kürdəxanıda sınaq müddətindədirlər. Əvvəlcə onlara 2 ay sınaq müddəti ilə iş vermişdilər, sonradan sınaq müddəti daha 2 ay uzadıldı. Görünür, sınaqdan yaxşı çıxmayıblar, 3 illik iş almağa layiq görülməyiblər hələlik. Fəqət ümid hələ ölməyib, özlərini yaxşı apar(ma)salar onlara da iş veriləcək.

Öz aramızdır, iş məsələsində Bəxtiyar Hacıyevə haqsızlıq olub, adam Okeanın o tayına adlayıb, Harvardı oxuyub gəlib, cəmi 2 il iş veriblər. Müddətin az olması bir yana, üstəlik iş yeri də əyalatdədir. Bakıda olsaydı, dərd yarı idi. Öz günahıdı, ağlı vardı, gəlməyəydi.

Sovet dövründə əmək qanunvericiliyi iş axtaranı işlə təmin edən adama “işverən” deyirdi. Müstəqillik qazandıqdan sonra, deputatlarımız hesab etdilər ki, işverənlik milli mentalitetimizə ziddir, işverənin adını dəyişib işəgötürən qoydular. Adı ilə böyüsün!

Nə isə, mövzudan uzaqlaşmayaq. Yenə də kəmiyyət keyfiyyəti üstələyib, iş yerlərinin çoxu mövsümi xarakterlidir. Mövsümi işlərdə müddət 15 sutkadan artıq olmur. Amma yaxşı tramplindir mövsümi işlər. Özünü doğrulda bilsən, uzun müddətli işlə də təmin olunarsan. Tural Abbaslı bu cür qabağa getmədimi? Bekarçılıqdan məhəllə uşaqlarına qoşulub “Tarqovı”da qışqır-bağır salıb camaatın istirahət hüququn pozurdu. Polis onu və dostlarını “məşğulluq mərkəzinə” apardı və orada Turala da, dostlarına da 8 sutka iş verdilər. Əvvəlcə cığallıq elədi, şikayət verdi ki, mən 8 sutka istəmirəm. Şikayəti təmin olunmadı. Dedilər, hara göndərsək, ora da getməlisən. Amma Turalın da dilinə görə dilçəyi var, özünü necə doğrultdusa, 8 sutka  başa çatandan sonra cəmi 2 həftə işsiz qaldı: onunla 2 ay sınaq müddəti olmaqla  3 illik “müqavilə” bağlandı.

Bircə bu Avropa işə qarışmasa, işlər yaxşı olacaq. Eynulla Fətullayevin misalında bunun acı nəticəsini görmüşük. Bir neçə yerdən iş təklifi alan Eynulla fərasətli tərpənib işverənlərin hamısı ilə dil tapıb, üst-üstə 8 il yarım iş almışdı. Avropa tez şübhələnib işə qarışdı, sənəd-sünədi təftiş etdi. Aydın oldu ki, Fətullayev işverənləri aldadıb (jurnalistdəki fərasətə bax haa, hamını aldadıb), saxta sənədlərlə 8 il yarım iş alıb. Saxtakarlığa dözümsüz Avropa tez bir məhkəmə qurub Eynullanın dərhal işdən azad edilməsi barədə qərar verdi. Yenə də sağ olsun öz işəgötürənlərimiz! Eynullanı işsiz qoymadılar, onunla 2 il yarımlıq əmək müqaviləsi bağlayıb başqa işə keçirdilər, amma bu Eynullaya layiq iş deyildi. Bu dəfə Prezident işə qarışdı və Eynullanı layiq olmadığı işdən azad etdi! Təşəkkürlər, cənab Prezident!


P.S. Bu yazıdan sonra mənə iş vermək lazım deyil. İşim var, vəkiləm!

24.06.2011-ci il.


Комментариев нет:

Отправить комментарий