21 июл. 2011 г.

Bombarabatay, bombarabatay...


Rəisi onu yanına çağırıb dedi ki, Kərbəlayi-Zalım, sən dünya görmüş bir əməliyyatçısan, başqa əməliyyatçılar cürbəcür şeylər tapır, amma sən... Məsələn, onlar güllə tapır, tapança tapır, bomba tapır, amma sən bir çet narkotik də tapmırsan. Ya sən məndən xəlvət rüşvət alırsan, ya da ki, qocalıb zay olmusan. Əgər iş belə getsə səninlə xudahafizləşməli olacağıq.

Kərbalayi-Zalım doğrudan da dünya görmüş əməliyyatçı idi. Rəisin tövründən əlüstü anladı ki, yerli müxalifətçilərin hansısa onun kefinə soğan doğrayıb. Birdən yadına düşdü ki, Facebooklu Feyzulla (“Qorotdel” də Feyzullanın əlindən o qədər təngə gəlmişdilər ki, ona ləqəb də qoymuşdular) bu gecə ictimai qaydanı kobud surətdə pozaraq öz profilində demokratiya söhbətləri edib.  Kəbleyi şirin dilini işə saldı:

- Rəis, qadan alım, bu Feyzulla yenə qatıqlayıb, nə məsləhət görürsən, istəyirsən onu facebooka həsrət qoyum?
Rəis sanki heç nə olmayıbmış kimi özünü tox tutmağa çalışdı:
- İşin olmasın, onsuz da bu ay planı keçmişik. Bircə bu Evrovision da gəlib keçsəydi, rahat işimizlə məşğul olardıq. Avropadan gündə bir dəstə “riviziya” gəlməsi azmış kimi, indi manıslar da demokratiyadan dəm vurular.
Kərbəlayi-Zalım rəisin yumşaldığını görüb bir az da irəli getdi:
- Müxalifətçilərin nazıyla çox oynayırsan haaa, rəis! And olsun bu paqonlara ki, sabah hakimiyyətə gəlsələr, qan udduracaqlar bizə. Feyzullanı facebookdan yığışdırıb qoyacaqlar sənin yerinə,  demokrat oğlu demokrat ot yolduracaq bizə. İcazə ver, o küçüyün qulağını kəsim.
Rəis bir anlıq Feyzullanı öz yerində, özünü  də onun qarşısında təsəvvür etdi. Elə bil kişini ildırım vurdu:
- Kərbalayi-Zalım, get şəxsiyyətləri də (rəis hal şahidlərinə şəxsiyyət deyirdi) götür o gədəni tut gətir yanıma.
- Rəis, bizdə şəxsiyyət qalıb ki? Hamısını vəkillər de-şifrə ediblər. Ancaq hallı şahidlər qalıblar, onların da şahidlik etməyə halları yoxdu, hallandırmaq lazımdı.
Rəis siyirmədən bir kibrit qutusu çıxarıb Kərbəlayi-Zalıma uzatdı:
- Bu axırıncısıdır, 8 qramdır, qənaətlə işlət, yarısını qaytar gətir.
Kərbəlayi-Zalım dünya görmüş əməliyyatçı idi. Başa düşdü ki, 8 qramla həm iki şahidi hallandıra, həm də Feyzullanı damlaya bilməyəcək, hələ yarısını da qaytarmalıdır, tez valı dəyişdi:
- Rəis, istəyirsən onun evindən sualtı qayıq tapım.
- Tap! Afərin! Əhsən! -Rəis bir qədər duruxdu...- Ə, zalım oğlu zalım, bizdə sualtı qayıq hardadı? Ə, ..., mən pul tapmışam, gedəm indi də sualtı qayıq alam? Cəhənnəm ol, sənə nə tapşırıq verilir, onu da icra et. Ver o kibrit qutusunu mənə, zəhmət çək, get Papanindən öz “şot”una al, bil ki, maddi sübuta pul xərcləmək nə deməkdir.
Kərbəlayi-Zalım iki dəfə “baş üstə rəis!” deyib, deyinə-deyinə rəisin otağından çıxdı: “Evdə uşaqlar da deyir atamız işə gedib”.


21.07.2011-ci il.