19 июн. 2011 г.

Eynulla Fətullayevə AZADLIQ!

Martın 2-dən bəri yarım zirəmi şəraitində, rütubətli yerdə, təmiz havadan təcrid vəziyyətdə yaşayır, Eynulla Fətullayev. Onu 4 saat bundan qabaq görmüşəm. Üz-gözünü tük basıb, əsəbləri pozulub, aramsız öskürür, xırıltılı nəfəs alır, hər dəqiqədə bir qurtum su içir ki, nəfəsi kəsilməsin.  Bir tərəfdən də zəhrimar siqaret ona aman vermir.


Məhbus jurnalistin həyatı təhlükədədir. Karserdən çıxmamaqla canına qəsd edir Eynulla. Artıq bütün işləri bir kənara qoyub Eynulla barədə düşünmək, ancaq Eynulladan yazmaq, Eynulladan danışmaq lazımdır. Onun halı filmlərdə gördüyümüz hərbi əsirlərin halına bənzəyir! Jurnalisti xilas etməliyik!


Eynulla Fətullayevin Prezident İlham Əliyevə şəxsi məktub göndərməsi  barədə mətbuata açıqlama verdikdən bir neçə dəqiqə sonra, ölkənin internet-media məkanı "Eynulla Fətullayev əfv olunması üçün Prezident İlham Əliyevə müraciət edib" başlıqlı xəbərlərlə doldu. İndiyədək Eynulladan bir cümlə də olsun yazmayan xəbər saytları sevincək bu xəbəri yaydılar. Guya Eynullanın sınması, əyilməsi xəbəri fonunda asılı medianın qələbəliyi bir anda bütün ölkəni bürüdü. Kimlər mənə zəng vurmadı?! Kimlər bu xəbər fonunda müsahibə götürmək təklifi etmədi.


Amma bu sevinc uzun sürmədi. Məlumatı dəqiqləşdirmək üçün zəng vuran xoşbəxt jurnalistlərin mənimlə mehriban danışığı da "mətbuat xəbəri təhrif edib, Fətullayev əfv ərizəsi yazmayıb" cavabından sonra dəyişdi.


Bir həftə öncə də, Eynulla Fətullayev barədə xəbər yaymışdım. Cəzaçəkmə müəssisəsinə köçürülən zaman yolda maskalı şəxslər tərəfindən fiziki zorakılığa məruz qalmasını, həyatına təhlükə olan cəzaçəkmə müəssisəsinə köçürüldüyü üçün "zon"un ərazisinə çıxmaqdan imtina etdiyini, öz arzusu ilə karserdə (cəzaçəkmə müəsisəsində daxili intizam qaydalarını pozan şəxslərin və cəzaçəkmə müəssisəsində cinayət törətmiş şəxslərin müvəqqəti - 30 gündən çox olmamaqla saxlandığı yer) saxlandığını, həyati təhlükə qarşısında olduğunu demişdim. O zaman az qala bu xəbəri yaymağa portal axtarırdım, 3-5 azad media təmsilçisindən başqa heç kimi maraqlandırmamışdı bu xəbər.


Penitensiar xidmətdən bu xəbərə növbətçi ifadələrlə cavab verilmişdi: "Araşdırılıb, fakt təsdiqini tapmayıb, vəkil özünü reklam edir, xəbəri şişirdir".


Gəlin, ortaya vətəndaş mövqeyi qoyaq. Hər birimiz öz səlahiyətlərimiz və imkanlarımız daxilində Eynulla Fətullayev ətrafında yaranmış vəziyyətə müdaxilə edək. Artıq Eynulla Fətullayevin azadlığa çıxması üçün məhkəmə qərarı deyil, iradə ifadəsi lazımdır. Gəlin, unutmayaq ki, Avropa Məhkəməsinin "dərhal azdlığa buraxılsın" qərarına rəğmən Eynulla hələ də cəza çəkir, bizim cəzamızı, sənin, mənim, onun cəzasını...


Gəlin, azad olaq!




14.03.2011-ci il.

Комментариев нет:

Отправить комментарий