19 июн. 2011 г.

Eynulla Fətullayevlə Novruz Bayramı

21 Mart, 14:57-ci dəqiqə. Bir neçə saatdır ki, Azərbaycana Bahar gəlib. Hər yerdə bayram əhval-ruhiyyəsi duyulur. 1 saylı cəzaçəkmə müəssisəsinin qarşısındayam. Məhbus jurnalist Eynulla Fətullayevlə bayramlaşmağa gəlmişəm. Türmənin qarşısı qələbəlikdir. Yanlış anlamayın, mitinq-piket deyil. Bayram günü dustaq əzizlərini görməyə gələn çöhrəsi kədərli insanların izdihamıdır bu.


Əvvəlcə növbəyə dayanıram, "axırıncı kimdir" soruşuram. Kimsə axırıncı olduğunu boynuna almır. Nədənsə, bu ölkədə hamı birinci olmaq istəyir. Mən niyə axırıncı olum ki?! Xidməti vəsiqəm əlimdə birtəhər irəli keçirəm. "İndiki gənclər belədirlər, böyük-kiçik saymırlar"- orta yaşlı sarışın xanım iradını gizlətmir. "Ay xanım, o vəkildir, səbrli olun sizi də buraxacam" - dəmir qapını yarımçıq aralayan ədliyyə işçisi onun cavabını verir. "Bayram günü vəkilin türmədə nə işi, yəqin qohumunun yanına gəlib, zəhmət çəksin bizim kimi..." - dəmir qapı arxamca çırpıldığından nə dediyini eşidə bilmirəm. Yəqin ki, cümləsini yaxşı halda,"növbəyə dursun"sözləri ilə bitirəcək, pis halda isə, "gözüm aydın vəkildi, bizdən artıq deyil ki,..." şəklində davam etdirəcəkdi. Nə isə...


Görüş otağında əyləşib Eynullanı gözləyirəm. İki gün öncə, Martın 19-u da bu otaqda olmuşam. O zaman mən də "Sürpriz Novruz əfv"i olacağına və jurnalist müvəkkilimin adının da bu qədər həngamədən sonra siyahıya salınacağına ümid edirdim. Az qala Eynullanı da inandırmışdım. Sonuncu görüşümüzdə, onun "bir də nə vaxt gələcəksən" sualına yarı zarafat, yarı ciddi "Martın 20-si, ya da 21-i, səni qarşılamağa" cavabı vermişdim. İkimiz də gülmüşdük bu halımıza...


Fəqət, möcüzə baş vermədi. Bu düşüncələr içində ikən, Eynulla həmişəki gülərüz çöhrəsi ilə qapıda göründü. Salamlaşıb oturduq. Saçları kəsilib, üzü təraş olunub, əhval-ruhiyyəsi yaxşıdır. Azad medianın haray-həşirindən sonra göstərilən tibbi yardım faydasız olmayıb: aramsız öskürəkləri kəsilib, ara-sıra yüngül öskürür, əlindəki yaralar sağalıb, səpkilər yoxa çıxıb. İndi türmədə onun iki düşməni var: zirzəmidə yerləşən karser və West. Yanlış anlamayın, söhbət siqaretdən gedir.


Bir az söhbətləşir, bayramlaşırıq. Eynullanın barmaqları arasında tüstülənən siqareti Novruz tonqalına bənzədirik. Bir "tonqal" da mən yandırıram. Onu təbrik etməyə utanıram. Nə arzulayasan?! Azadlıqmı?! Bu, bayram arzusu deyil, onun doğal haqqıdır, Azadlıq! Avropa Məhkəməsi dərhal azadlığa buraxılmasına qərar verib. "Bayramın mübarək, neçə belə illərə və s." növbətçi təbrik mətnlərinin yeri deyil, axı. Əvəzində Eynulla təbrik edir, yaxınları, dostları. "Səninlə bahəm" də deyə bilmirəm. Həyəcanlı məqamlardı...


Beləcə, bu ilki Novruzumun bir neçə saatını onunla bölüşürəm.


Özünə deyə bilmədim, gec də olsa təbrik edirəm!
Bayramın mübarək, Eynulla!


21.03.2011

Комментариев нет:

Отправить комментарий