19 июн. 2011 г.

Sizin Cəbiş müəllim

(bir pərdəli siyasi dram)


 Namiq internetdə müxalifətin mitinqinin dağıdılmasını izləyərək  fikirləşirdi  ki, bəs, atası niyə mitinqə getməyib. Axı, Makedon ona demişdi ki, sənin atan müxalifətçidir! Namiqi fikir götürmüşdü, əgər atası müxalifətçi deyildisə, niyə vəzifəsi yox idi, müxalifətçi idisə, niyə mitinqə getməyibdir? Yox atası, dəqiq müxalifətçi idi. Hətta, məktəb direktoru Cəbiş müəllim də Namiqin atasına “bəy” deyə müraciət edirdi. Amma ona başqa “bəy”lərdən artıq hörmət edirdi. Burada nə isə anlaşılmazlıq vardı. Namiq beynindəki fikirlərdən yaxa qurtarmaq üçün atasının iş otağına keçdi. Atası oğlunun gəlişini görüb əlindəki qəzeti kənara qoydu və ona çay gətirmiş həyat yoldaşına da işarə etdi ki, otursun:
- Gəl, oğlum, gəl otur. Dərslərini eləmisən?
-...
- Niyə bikefsən, oğlum, nə olub?
- Ata, sən müxalifətçisən?
Ana:
- Naaamiq...
Ata:
- Bu hardan gəlib sənin ağlına?
- Hamı gedib vəzifəyə, Makedonun atası, Səfurənin atası, təkcə sən getməmisən, deməli, sən...
Ana yenidən:
-Naaaamiq!
Ata:
- Sən bilirsən ki, mən siyasətlə məşğulam, bitərəfəm... onu da yaxşı bilirsən ki, bitərəf siyasətçilər olmasa ölkəmizdə nə demokratiya olar, nə də insan haqlarına hörmət qoyular. Bir də bitərəf siyasətçilərə hamıdan sonra vəzifə verirlər, özü də hamıya birdən yox, tək-tək, vaxtı çatanda mənə də vəzifə verəcəklər. Görünür hələlik burda lazımam. Başa düşdün?
- Aha.
-Get yat! Bir də bunu sənə ona görə deyirəm ki, həmişə yadında qalsın. Vəzifəyə getməyib bitərəf siyasət yürüdənlər müxalifətçi deyil. Müxalifətçi o adamlara deyilir ki, radikal olsun, gecə-gündüz iqtidarı söysün. Nə isə, get yat, daha gecdi.


P.S. Namiqin atası həmin gecəni səhərədək yata bilmədi. Uşağın sualı yaman təsir eləmişdi ona: doğurdan da, axı ona niyə vəzifə vermirdilər? Axı, ondan yaxşı deputat olardı...




17.06.2011-ci il.

Комментариев нет:

Отправить комментарий